Torpaq çərşənbəsi
Torpaq çərşənbəsi və ya Axır çərşənbə — Novruz bayramının sonuncu, dördüncü çərşənbəsi. Xalq arasında "İlaxır çərşənbə" kimi də adlanır.
Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “Zında çərşənbə", "Xak çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır.
Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir.
Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.
Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.